2016-04-05
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Praqadakı "Diplomatik forum" təşkilatı tərəfindən təşkil edilən tədbirdə "Qafqaz bölgəsində siyasi gərginlik" başlıqlı mövzu ilə çıxış edib

5 aprel 2016-cı il tarixində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Praqadakı Anglo-American Universitetində "Qafqaz bölgəsində siyasi gərginlik" başlıqlı mövzu ilə çıxış edib.

Tədbirdə Çexiyadakı bəzi ölkələrin diplomatik nümayəndəliklərin başçıları, KİV nümayəndələri, universitet və beyin mərkəzlərinin təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Səfir Fərid Şəfiyev öz çıxışında ilk öncə son günlər ərzində erməni və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr, erməni qoşunlarının Azərbaycan mövqelərinə qarşı həyata keçirdiyi təxribat xarakterli həmlələr və təmas xətti boyunca dinc yaşayış məntəqələrinin intensiv atəşə məruz qalması və sakinlər arasında ölən və yaralananların olduğu barədə söhbət açıb. Səfir F.Şəfiyev həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin müasir dövrü əhatə edən tarixi və münaqişəyə dair ölkəmizin mövqeyi barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirə qatılmış bəzi erməni tələbələri tərəfindən xüsusilə qoşunların təmas xəttində baş verən hadisələr ilə bağlı və Azərbaycan hökuməti əleyhinə yönəlmiş bəzi təxribat xarakterli suallar ünvanlansa da, səfir F.Şəfiyev tərəfindən beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər (BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Şurası və s.) və beynəlxalq hüquqa əsaslanan tutarlı cavablar verilib.      

Daha sonra, Azərbaycan səfiri regionda baş verən hadisələr, həyata keçirilən iqtisadi və enerji layihələri, habelə Çexiya-Azərbaycan ikitərəfli münasibətləri haqqında məlumat təqdim edib. 

növbəti xəbər əvvəlki xəbər