2017-02-28
Xocalı faciəsinin qurbanları Praqada yad edilib

ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan, çoxsaylı beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz Dəhliz” (“Endless corridor”) sənədli filmi Praqa şəhərinin “Luserna” kinoteatrında nümayiş etdirilib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) AZƏRTAC-a bildiriblər ki, filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində TEAS-ın və Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin birgə əməkdaşlığı ilə baş tutub.

Qeyd edək ki, “Sonsuz dəhliz” filmi 2015-2016-cı illər ərzində beynəlxalq səviyyədə uğurlu premyerasından sonra xarici kinotənqidçilər tərəfindən müsbət qiymətləndirilib. Film ABŞ-da keçirilən nüfuzlu “Akkolad Qlobal Film” müsabiqəsində “Ən yaxşı tamaşa”, Madrid şəhərində keçirilən Tenerife Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru”, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında isə “Sənədli filmin ən yaxşı montajı” mükafatlarına layiq görülüb. Ekran əsəri, həmçinin “Pan-European Eurochannel”, “Channel 1” (İsrail) CNN Turk, TV 24 (Türkiyə), London Live və Al-Jazeera kanallarında nümayiş etdirilib.

Parlamentarilər, jurnalistlər, Azərbaycanın dostları və kinosevərlər də daxil olmaqla, 170 nəfərlik auditoriya qarşısında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin Benilüks ofisinin rəhbəri Roman Huna tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü Azərbaycanın Çex Respublikasındakı səfiri Fərid Şəfiyevə verib. Səfir deyib: “Xocalı soyqırımı Azərbaycanın müasir tarixində ən dəhşətli hadisədir. İki gün bundan əvvəl Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yenidən gərginlik yaşandı. Qarabağ əsilli bir insan kimi deyə bilərəm ki, biz doğma torpağımıza qayıtmaq, əcdadlarımızın qəbirlərini ziyarət etmək və qonşularımızla sülh şəraitində yaşamaq istəyirik”.

Çexiya parlamentinin vitse-spikeri Voytek Filip deyib: “Bu gecə biz Dağlıq Qarabağ müharibəsinin ən kədərli hadisələrindən biri olan Xocalı qətliamı şəhidlərinin əziz xatirəsini yad edirik. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə 106 qadın, 63 uşaq və 70 qoca da daxil olmaqla, 613 nəfər mülki şəxs həyatını itirib. Biz bu vəhşiliyi unuda bilmərik və unutmamalıyıq. Təəssüf ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına görə hələ də öz doğma torpaqlarına qayıda bilmirlər. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, hələ də irəliləyiş yoxdur”.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib: “Xocalı soyqırımının 25-ci ildönümünü yad etmək üçün ötən həftə ərzində TEAS London, Paris, Berlin, Brüssel, Bern, Cenevrə, Afina, Vilnüs və Avropanın digər şəhərlərində fotosərgilər, anım konsertləri və “Sonsuz dəhliz” filminin nümayişlərini təşkil edib.

Keçən gecə biz Xocalıya həsr olunmuş ənənəvi anım konsertini keçirmək üçün Parisdəki kilsələrin birində toplaşmışdıq. Olduqca hirsli və aqressiv olan ermənilər kilsəni mühasirəyə alaraq konsertin baş tutmaması üçün əllərindən gələni etməyə çalışırdılar. Məmnuniyyətlə bildirmək istəyirəm ki, konsert çox uğurla keçdi”.

Xocalı soyqırımının canlı şahidi və “Sonsuz dəhliz” filminin baş qəhrəmanı, litvalı jurnalist Riçards Lapaitis: “Bu gün biz Xocalı şəhərində baş vermiş qırğının 25-ci ildönümünü yad edirik. Həmin müdhiş gecə erməni hərbi qüvvələri Xankəndidə dislokasiya olunmuş keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı divan tutub. Ermənistan Xocalıdakı qanlı hadisələrə görə məsuliyyəti öz üzərinə götürüb. Hücum etmək haqqında əmr fevral 25-də, saat 20:50-də faksla Xankəndiyə göndərilmişdi. Ermənistanın Müdafiə Nazirliyi həmin təsdiq etmişdi ki, onun Dağlıq Qarabağdakı hərbi qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilərək hücum əmri verilib.

Erməni millətçiləri tərəfindən həyata keçirilmiş bu qırğın keçmiş sovet məkanında törədilmiş ən dəhşətli vəhşilik olub. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan da daxil olmaqla, Xocalının mülki əhalisinə qarşı bu təcavüz aktında iştirak edənlərin hamısı birbaşa məsuliyyət daşıyır.

Ümidvaram ki, bir gün ədalət qalib gələcək və bu qırğının törədilməsində günahkar olan şəxslər Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri qarşısında cavab verəcəklər”.

https://azertag.az/xeber/Xocali_faciesinin_qurbanlari_Praqada_yad_edilib-1039605

 

 

 

növbəti xəbər əvvəlki xəbər