2017-04-27
Azərbaycan Respublikasının Milli Məclisinin Aqrar siyasəti komitəsinin sədri c-b Eldar İbrahimovun rəhbərliyi altında nümayəndə heyətinin Çexiyaya səfəri

Cari ilin 23-26 aprel tarixində Azərbaycan Respublikasının (AR) Milli Məclisinin Aqrar siyasəti komitəsinin sədri c-b Eldar İbrahimovun rəhbərliyi altında komitə üzvləri Mahir Aslanov, İqbal Məmmədov və Elçin Quliyev Çexiyaya rəsmi səfər edib. Səfər çərçivəsində AR nümayəndə heyəti Çexiyanın Deputatlar Palatasının sədr müavinləri c-b Radek Vondraçek və Voytek Filip, Çexiya Senatının Kənd təsərrüfatı, nəqliyyat və milli iqtisadiyyat üzrə komitənin sədri Yan Hayda, Çexiya Parlamentinin Kənd Təsərrüfatı komitəsinin sədr müavini Ladislav Velebni və Çexiyanın Dövlət Aqrar Müdaxilə Fondunun (ÇDAF) direktor müavini c-b Miloş İrovski ilə görüşlər keçirib, həmçinin Çexiyanın aqrar sahəsində fəaliyyət göstərən “Petrovitse” təsərrüfat müəssisəsinə səfər edib.

Çexiyanın Deputatlar Palatasının sədr müavinləri c-b Radek Vondraçek və c-b Voytek Filip ilə keçirilən görüşlərdə Azərbaycan-Çexiya əlaqələri, hər iki ölkənin parlamentləri arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, eləcə də ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.

Çexiyanın Kənd Təsərrüfatı Nazirinin müavini c-b İrji Şir, Çexiya Senatının Kənd təsərrüfatı, nəqliyyat və milli iqtisadiyyat üzrə komitəsinin sədri Yan Hayda və Çexiya Parlamentinin Kənd Təsərrüfatı komitəsinin sədr müavini Ladislav Velebni ilə keçirilən görüşlərdə hər iki ölkənin kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, qəbul edilmiş qanun və normativ aktlar haqqında məsələlər, eləcə də hər iki ölkənin parlamentlərinin aqrar siyasəti üzrə komitələr arasında gündəmdə olan aktual məsələlər üzrə müzakirələr aparılıb.

Çexiyanın Dövlət Aqrar Müdaxilə Fondunun (ÇDAF) direktor müavini c-b Miloş İrovski ilə keçirilən görüşdə Fondun Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması məsələsi müzakirə edilib. Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində həmçinin Çexiyanın “Petrovitse” müəssisəsini ziyarət edib və qurumun fəaliyyəti ilə tanış olub.

növbəti xəbər əvvəlki xəbər