2017-11-21
Cari ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru xanım Elmira Ələkbərova və sözügedən idarənin elmi araşdırmalar və elmi kitabxana şöbəsinin müdiri xanım Lalə Hüseynova Çexiyaya işgüzar səfər edib.

Səfər zamanı nümayəndə heyəti Çexiya Respublikası Müdafiə Nazirliyinin Hərbi Tarix Arxivi, Çexiya Milli Arxiv İdarəsi, Çexiya Xarici İşlər Nazirliyinin İnformasiya idarəsinin nəzdində fəaliyyət göstərən arxiv şöbəsi və Praqada yerləşən Slavyan İnstitutun rəhbərliyi ilə görüşlər keçirib.

Görüşlər zamanı, nümayəndə heyəti sözügedən qurumların iş prosesi ilə tanış olub, arxiv sənədlərinin mühafizəsi  və bərpası ilə bağlı görülən işlər barədə ətraflı məlumat əldə edib.

Həmçinin, adıçəkilən arxiv idarələrində ölkəmizlə bağlı məlumatlar və məktublar aşkarlanaraq, nüsxələri əldə edilərək, müvafiq qeydlər aparılıb.

Görüşlər zamanı İkinci dünya müharibəsi dövründə keçmiş Çexoslovakiya ərazisində həlak olmuş və dəfn olunmuş Sovet ordusunun hərbi qulluqçularının siyahısı əldə edilib, 1920-1930-cu illərdə Azərbaycandan  keçmiş Çexoslovakiya ərazilərinə mühacirət etmiş Azərbaycanlı soydaşlarımız haqqında fikir mübadiləsi aparılıb.

Görüşlərdə, həmçinin, digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

növbəti xəbər əvvəlki xəbər