2018-02-02
İslam dünyasında və Azərbaycanda qadınların ictimai və peşəkar həyatda rolu” mövzusunda Praqada seminar keçirilib

2 fevral 2018-ci il tarixində Çexiyadakı Ivy Group şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyinin dəstəyi ilə Praqadakı Nyu York Universitetində “İslam dünyasında və Azərbaycanda qadınların ictimai və peşəkar həyatda rolu” mövzusunda seminar keçirilib. Tədbirin keçirilməsində məqsəd Azərbaycanın dünyəvi, multikultural, tolerant və proqressiv adət-ənənələri, milli dəyərləri haqqında məlumatın yerli ictimaiyyətə təqdim edilməsindən ibarət olub.

Seminarda Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfyev, bir sıra ölkələrin səfirləri, çex elmi dairələri, ictimaiyyətinin nümayəndələri və yerli tələbələr iştirak edib.

Tədbirdə İvy Group şirkətinin təsisçisi Tamerlan Vahabov, ADA Universitetinin təmsilçisi Şəfəq Mehrəliyeva, Karl Universitetinin nümayəndəsi Zuzana Krixova və Çexiya Elmlər Akademiyasının əməkdaşı Bronislav Ostranski çıxış ediblər. Tədbirə Nyu York Universitetinin professoru Tomaş Klvanya moderatorluq edib. 
Tamerlan Vahabov öz çıxışında Azərbaycanda tarixən qadınlara bərabər hüquqlu münasibətin olduğunu qeyd edərək, hal-hazırda ölkə rəhbərliyi tərəfindən qadınların ictimai və peşəkar həyatda roluna böyük diqqət yetirildiyini qeyd edib. 

ADA Universitetinin təmsilçisi xanım Şəfəq Mehrəliyeva öz çıxışında ilk öncə Azərbaycanın Birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi həyatındakı fəaliyyəti haqqında söz açıb. Natiq, Mehriban xanım Əliyevanın qadınlar üçün nümunəvi rolunu xüsusi qeyd edərək, onun qadın hüquqlarının təmin edilməsində davamlı səyləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Şəfəq Mehrəliyeva daha sonra Azərbaycan tarixinin görkəmli qadın şəxsiyyətləri haqqında bəhs edərək, onların fəaliyyəti və özündən sonra qoyduqları miras barəsində söhbət açıb. Natiq xüsusilə Tomris, Nüşabə, Məhsəti Gəncəvi, Sara xatun, Xurşidbanu Natəvan kimi qadın mütəfəkkirlərimizin roluna toxunub. Həmçinin 1918-ci ildə Azərbaycanda qadınlara bəzi Qərb ölkələrindən öncə səsvermə hüququnun verildiyi də xüsusilə qeyd olunub.

Digər çıxışçılar öz növbəsində müsəlman ölkələrində qadınların cəmiyyətdə oynadığı rol, üzləşdikləri çətinliklər haqqında bəhs edərək, Azərbaycanı müsbət nümunə kimi təqdim ediblər. Natiqlər ölkəmizdə qadınların peşəkar sahədə əldə etdikləri nailiyyətləri misal çəkərək, müsəlman adət-ənənələrinə riayət edilməklə Azərbaycanda dünyəvi sistemin bərqərar edilməsi nəticəsində yaradılmış şəraitdən məmnunluqlarını ifadə ediblər.

növbəti xəbər əvvəlki xəbər