2018-02-28
Çexiyanın Çeske Budoyeviçe şəhərinin mərkəzi meydanında Azərbaycanın 100 illiyi ilə bağlı foto sərgi təşkil olunub

Cari ilin 28 fevral tarixində Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin dəstəyi ilə Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya)  tərəfindən Çexiyanın Çeske Budoyeviçe şəhərinin mərkəzi meydanında  Azərbaycanın 100 illiyi ilə bağlı foto sərgi təşkil olunub. Sözügedən sərgidə ölkəmizin keçdiyi tarixi yol, habelə ermənilər tərəfindən ölkəmizə qarşı törədilən soyqırım haqqında fotoşəkillər nümayiş etdirilib.

Tədbirdə çıxış edən səfir Fərid Şəfiyev Çeske Budoyeviçe şəhərinin mərkəzi meydanında belə fotosərginin keçirilməsinin, Azərbaycan haqqında yerli ictimaiyyətin daha geniş məlumat əldə etmək imkanı yaratdığını bildirib. Səfir Fərid Şəfiyev daha sonra Çeske Budoyeviçe şəhərinin yerli televiziya kanalına müsahibə verib və ölkələrimiz arasındakı münasibətlərə toxunub.

Tədbirdə həmçinin Çexiya Senatının sədr müavini Yirji Şestak, Çeske Budoyeviçe şəhərinin meri Yirji Svoboda, Cənubi Bohemiya regionu qubernatorunun müavini Yozef Knot və Azərbaycan-Avropa Ticarət Palatasının sədri Devid Snaşel çıxış ediblər. Natiqlər Azərbaycanla bağlı fotosərginin şəhər sakinləri, habelə turistlərin marağına səbəb olacağını vurğulayıblar.

Fotosərginin açılışında Çexiya Respublikasının rəsmiləri və ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbir iştirakçılarına Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.

28 fevral tarixində başlayan fotosərgi bir ay müddətində davam edəcək.

növbəti xəbər əvvəlki xəbər