2018-04-05
Praqada Azərbaycanın Çexiyadakı Səfiri Fərid Şəfiyevin yeni dərc olunmuş kitabının təqdimat mərasimi keçirilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Praqadakı Karl Universitetinin binasında Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin Kanadanın nüfuzlu akademik nəşriyyatı olan “McGill – Queen’s University Press” tərəfindən dərc olunmuş “Sərhəd zolaqlarının məskunlaşdırılması və Cənubi Qafqazda etnik münaqişə” (Resettling the Borderlands) kitabının təqdimat mərasimi keçirilib.   

Kitabda Çar Rusiyası və sonradan Sovet İttifaqı tərəfindən Cənubi Qafqazda, xüsusilə Azərbaycanda həyata keçirdiyi köçürmə siyasəti, bununla əlaqədar regionda müşahidə olunan sosial-demoqrafik proseslər, o cümlədən ermənilərin Qarabağ və İrəvan xanlıqlarında məskunlaşdırılması, XX əsrin əvvəllərində baş vermiş etnik münaqişələrin səbəbləri və nəticələri, eləcə də 1948-1953-cü illər ərzində azərbaycanlıların Ermənistandan deportasiyası haqqında məlumatlar öz əksini tapıb.

Səfir Fərid Şəfiyev çıxışı zamanı, həmçinin cari ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş 31 mart azərbaycanlıların soyqırımı qurbanlarının 100 illiyinin qeyd olunduğunu bildirib və bu barədə tədbir iştirakçılarına məlumat verib.   

Təqdimat mərasimində Çexiya dövlət qurumları, Parlamentin üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, düşüncə mərkəzləri, tədqiqat institutlarının araşdırmaçıları, habelə tələbələr, yerli ictimaiyyət və Azərbaycan icmasının nümayəndələri iştirak edib.  

növbəti xəbər əvvəlki xəbər