2018-05-23
23-25 May 2018-ci ildə Çexiyada keçirilən Cənubi Çexiya Regionunun Tərəfdaşları Forumunda ölkəmizin İsmayıllı Rayonu İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti iştirak edib.

23-25 May 2018-ci ildə Çexiyada keçirilən Cənubi Çexiya Regionunun Tərəfdaşları Forumunda ölkəmizin İsmayıllı Rayonu İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti iştirak edib. Foruma, Qərbi Avropa, Çin, Rusiya və digər Asiya ölkələrindən qatılan nümayəndələr Cənubi Çexiya regionunun tərəfdaşları olaraq, bu region ilə gələcək əməkdaşlıq əlaqələrini müzakirə etdilər. Cənubi Qafqaz regionundan ilk olaraq Azərbaycanın İsmayıllı şəhəri Çexiyanın bu regionu ilə tərəfdaşlıq əlaqələrini qurmuş və hər iki ölkənin regionları arası əməkdaşlıq münasibətlərini müzakirə etdilər.

Forumda çıxış edən Mirdaməd Sadıqov, Azərbaycanın inkişaf mərhələsi, beynəlxalq arenada tutduğu mövqeyi, eləcə də İsmayıllı rayonunun potensialı haqqında ətraflı məlumat verib və bu ölkənin Cənubi Çexiya Regionu ilə tərəfdaşlıq əlaqələrinin qurulmasından məmnunluq hissini qeyd edib.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək ikitərəfli əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və perspektivləri barədə məlumat verib. Regionlararası əməkdaşlıq əlaqələrinin inkişafına önəm verildiyi və hazırda Cənubi Çexiya regionu ilə Azərbaycanın İsmayıllı rayonu arasında əlaqələrin qurulduğunu qeyd edib.  

Daha sonra tədbir çərçivəsində Cənubi Çexiya Regionunun Qubernatoru xanım İvana Straska ilə Azərbaycan nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib və hər iki ölkənin regionları arası əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşün sonunda ikitərəfli əməkdaşlığın istiqamətləri üzrə müvafiq Protokol imzalanıb. Həmçinin, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Cənubi Çexiya regionunda balıqçılıq və tibbi turizm sahələrində fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib və əməkdaşlıq məsələləri müzakirə edilib. Qeyd edək ki sözügedən səfər, Çexiyanın regionları ilə əməkdaşlıq əlaqələrinin inkişafı və dərinləşdirilməsi çərçivəsində Azərbaycanın Çexiyadakı Səfirliyinin təşəbbüsü ilə həyata keçirilib.                

növbəti xəbər əvvəlki xəbər