2018-12-07
Praqada fəaliyyət göstərən Azərbaycan-Avropa Ticarət Palatasının illik təqdimatı keçirilib.

5 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyinin dəstəyi ilə Praqada fəaliyyət göstərən Azərbaycan-Avropa Ticarət Palatasının illik təqdimatı keçirilib. Tədbirdə, Çexiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin, çex işgüzar dairələrinin, eləcə də bu ölkədə biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı iş adamları və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev, Azərbaycanla Çexiya arasında əməkdaşlıq münasibətləri, xüsusən də iqtisadi, ticari, qarşılıqlı sərmayələr, turizm, sənaye və infrastruktur sahələrində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə məlumat verib. F.Şəfiyev iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə vərən Azərbaycan-Avropa Ticarət Palatasının fəaliyyətini yüksək qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzu edib.    

Daha sonra çıxış edən Azərbaycan-Avropa Ticarət Palatasının İcraçı Direktoru David Şnasel, Azərbaycan və Çexiya sahibkarları arasında işgüzar əlaqələrinin daha da inkişaf etdirilməsi, o cümlədən Azərbaycan sahibkarlarının Çexiya və bu ölkə vasitəsilə digər Avropa ölkələri ilə işgüzar təmaslarının artırılması məqsədilə Palatanın rolundan bəhs edərək, il ərzində bir sıra layihələrin icra olunduğunu qeyd edib. Belə ki, o, cari il ərzində TATRA-nın Gəncə Avtomobil Zavodu ilə əməkdaşlığı, İsmayıllı Rayonu İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyətinin Çexiyaya səfəri, eləcə də Cənubi Çexiya regionunun Qluboko Na Vltavu şəhərinin merinin rəhbərliyi altında çex iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin həyata keçirilməsində Palatanın əlaqələrinci rolundan söz açıb, gələcəkdə də bir sıra perspektivli layihələr üzrə işlərin apardığını qeyd edib.

Sonda, tədbir iştirakçılarına zəyafət verilib və onlar, həmçinin tədbirdə sərgilənən Azərbaycana aid rəsm əsərləri ilə tanış olublar.                

  Praqada fəaliyyət göstərən Azərbaycan-Avropa Ticarət Palatasının illik təqdimatı keçirilib.

növbəti xəbər əvvəlki xəbər