2019-01-30
29 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev Çex Respublikası Senatının sədri Yaroslav Kubera ilə görüşüb

Görüş zamanı ikitərəfli münasibətlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. İkitərəfli əlaqələrin problemsiz şəkildə inkişafına toxunan Y.Kubera iki ölkə arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsinin vacibliyini ifadə edərək bu baxımdan turizm və sanatoriya istirahəti sahəsində geniş imkanların mövcud olduğunu qeyd edib. 
Çexiya Senatının sədri Y.Kubera parlamentlərarası münasibətlərin səviyyəsinə toxunaraq dostluq qruplarının uğurla fəaliyyət göstərdiklərini vurğulayıb, bununla yanaşı iki ölkənin qanunvericilik orqanlarının spesifik komitələri arasında əməkdaşlığın həyata keçirilməsi barədə təşəbbüslə çıxış edib. Səfir F.Şəfiyev təşəbbüsün Azərbaycan tərəfindən nəzərdən keçiriləcəyini bildirib.
Görüş zamanı səfir F.Şəfiyev Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi və regionda yaranmış son vəziyyət haqqında məlumat vermiş, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı tutduğu ədalətli mövqeyə görə çex tərəfinə təşəkkürünü bildirib. Öz növbəsində Çexiya Senatının sədri Y.Kubera ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi bir daha ifadə edib.

növbəti xəbər əvvəlki xəbər