2019-05-13
Çexiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq şahmat turniri keçirilib

11 may 2019-cu il tarixində Praqa şəhərində Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin təşkilatçılığı və “City Building” şirkətinin sponsorluğu ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş həvəskarlar arasında 5-ci ənənəvi beynəlxalq şahmat turniri təşkil olunub. Turnirdə Çexiya, Slovakiya, Ukrayna, Azərbaycan və digər ölkələrdən olan həvəskar şahmatçılar iştirak edib.

Turnirin açılışında Azərbaycan Respublikasının Çex Respublikasındakı müvəqqəti işlər vəkili Etibar Abdullayev çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən bəhs edib.

Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev də iştirak edib. O, çıxışında sözügedən turnirin əsasının özünün Çexiyada səfir kimi fəaliyyət göstərdiyi dövrdə qoyulduğunu və mütəmadi şəkildə keçirildiyini, bu ənənənin artıq uzun illər davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Turnirdə hakim qismində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) nümayəndəsi Aleksey Şimeçek iştirak edib. Turnirin keçirildiyi salonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş kitab və jurnallar təqdim olunub. Turnirin sonunda qaliblər müvafiq medal və hədiyyələrlə təltif edilib.

növbəti xəbər əvvəlki xəbər