2016-04-02

İlham Əliyev Çexiyanın Baş naziri Bohuslav Sobotka ilə görüşüb

Prezident İlham Əliyev aprelin 1-də Vaşinqtonda Çex Respublikasının Baş naziri Bohuslav Sobotka ilə görüşüb.

Görüşdə Azərbaycan-Çexiya münasibətlərinin indiki səviyyəsindən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın əlaqələrin daha da inkişafına töhfə verdiyini qeyd etdi. Azərbaycan ilə Çexiya arasında yaxşı dostluq münasibətlərinin mövcud olduğunu deyən dövlətimizin başçısı siyasi sahədə də əlaqələrin yüksək səviyyəsinin məmnunluq doğurduğunu vurğuladı. Prezident İlham Əliyev siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirdi. Dövlətimizin başçısı Avropa İttifaqı ilə strateji əməkdaşlıq sənədi üzərində iş aparıldığını da dedi.

Çexiyanın Baş naziri Bohuslav Sobotka belə səfərlərin və görüşlərin mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Cənubi Qafqazda Azərbaycanı Çexiyanın əsas tərəfdaşı hesab etdiyini bildirən Bohuslav Sobotka ölkəsinin enerji və enerjinin şaxələndirilməsi sahələrində əməkdaşlığa böyük önəm verdiyini dedi. O, həmin istiqamətdə Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını vurğuladı. Bohuslav Sobotka Çexiyanın hərbi-texniki, müdafiə sənayesi sahəsində, həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiklərini dedi. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirən Bohuslav Sobotka Çexiyanın bu əməkdaşlığa töhfə vermək imkanlarından danışdı.

Arxiv üzrə axtarış