2018-02-15

Praqada Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib

Cari ilin 15 fevral tarixində Praqanın Luçerna sarayında Xocalı qurbanlarının xatirəsinə həsr  olunmuş, Azərbaycan və İsrail müəllifləri Günel Anar qızı, Leyla Cəfərova və Yefim Abramovun “Qara qar çiçəkləri və Qarabağ hekayələri” adlı kitabın təqdimatı keçirilib. Gənc musiqiçi Eva Aşumovanın ifasında piano musiqisinin müşayiəti ilə ilk dəfə Çex dilinə tərcümə olunan novelladan parçalar səsləndirilib.  

Tədbirdə fəxri qonaq qismində Azərbaycan Yazıçılar İttifaqının sədri Anar Rzayev və Lev Spivakın rəhbərliyi ilə İsraildən olan nümayəndə heyəti iştirak edib.

Giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev qonaqlara Xocalı Soyqırımı haqqında məlumat verərək, Xocalı qurbanlarının xatirəsini bu şəkildə yad etməyin əhəmiyyətini qeyd edib. Cənab Anar Rzayev çıxışında sözügedən kitab sayəsində çex oxucuların Xocalı Soyqırımı haqqında daha geniş məlumat əldə etmək imkanı olduğunu bildirib.

Tədbir Azərbaycan Tələbə Təşkilatı, Natəvan Cəmiyyəti və Azərbaycan-İsrail təşkilatının birgə təşkilatçılığı və Azərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi ilə keçirilib.

Tədbirdə Çexiyada akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin habelə Azərbaycan diasporunun nümayəndələri iştirak edib.

Arxiv üzrə axtarış