2020-07-08
Azərbaycan Respublikasının vətəndaşlarının nəzərinə!

1 iyul 2020-ci il tarixindən etibarən Çex Respublikasına daxil olmaq üçün  yeni qaydalar müəyyən edilmişdir:

Mövcud epidemioloji vəziyyət, həmçinin Avropa İttifaqı səviyyəsində ümumi koordinasiyanın şərtləri əsasında Çex Respublikasına daxil olan şəxslərə mənsub olduqları ölkələrdən asılı olaraq COVID-19 virusu riskinin az olduğu “yaşıl zona” və yüksək olduğu “qırmızı zona” kateqoriyasına bölünməklə fərqli qaydalar tətbiq olunacaqdır. Çex Respublikasının Səhiyyə Nazirliyinin mütəmadi surətdə yenilənən rəsmi internet səhifəsində ölkələrin müvafiq olaraq aid olduqları zonalar haqqında məlumatı əldə etmək olar – https://koronavirus.mzcr.cz/

Azərbaycan Respublikası qırmızı zonaya aid ölkələr kateqoriyasındadır.

Çexiyaya girişinə icazə verilməyən qırmızı zona ölkələrinin vətəndaşları (Azərbaycan Respublikası da qırmızı zonaya aiddir) yalnız Çex Respublikasında qanuni əsaslarla uzun müddətli və ya müvəqqəti  yaşamaq icazəsinə və ya spesifik növ vizaya (turist vizaları bura daxil deyil)  malik olduğu təqdirdə ölkəyə daxil ola bilərlər. Bundan sonra bu şəxslər regional gigiyena mərkəzi ilə əlaqə saxlamalı və 72 saat ərzində COVID-19 virusu ilə bağlı PCR testindən keçməli,  testin nəticəsini regional gigiyena mərkəzinə təqdim etməlidirlər.

Son 14 gün ərzində 12 saatdan çox qırmızı zonaya aid olan ölkələrdə olan bütün şəxslər Çex Respublikasına daxil olarkən maska taxmalı, PCR testinin nəticəsini regional gigiyena mərkəzinə təqdim edənədək hərəkət azadlığını məhdudlaşdırmalıdırlar.

 Həmçinin, Çex Respublikası vasitəsilə tranzit keçidlərlə bağlı qırmızı zona ölkələrinə qadağalar şamil edilir. Bu o deməkdir ki, şəxs mənsub olduğu ölkəyə və ya daimi yaşamaq icazəsi olduğu Aİ ölkəsinə səyahət etdiyi təqdirdə Çexiya ərazisindən tranzit məqsədilə istifadə edə bilər. Əgər şəxs mənsub olduğu ölkəyə səyahət əsnasında Çexiyadan tranzit olaraq istifadə edirsə o zaman həmin ölkənin Praqada yerləşən səfirliyinin müvafiq diplomatik notası təqdim olunmalıdır. Əgər şəxs daimi və ya müvəqqəti yaşamaq icazəsi olan Aİ ölkəsinə səfər etmək üçün  Çexiyadan tranzit olaraq istifadə edirsə, o halda həmin Aİ ölkəsinin səfirliyinin müvafiq diplomatik notası təqdim olunmalıdır. Göstərilən şəxslərin Çexiya ərazisini tranzit məqsədilə istifadə edəcəkləri müddət ərzində maska taxmaları zəruridir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, səfirliyin lazımi sənədləri vaxtında müvafiq rəsmi orqanlara təqdim etməsi məqsədilə, Çex Respublikasının ərazisini tranzit olaraq istifadə edərək, Azərbaycan Respublikasına səfər etmək istəyən Azərbaycan Respublikasının vətəndaşlarından səfərdən 5 iş günü (Azərbaycan Respublikasının  və Çex Respublikasının rəsmi tətil günləri Səfirliyin işləmədiyi nəzərə alınmalıdır) öncədən Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinə məlumat verərək, prague@mission.mfa.gov.az email ünvanına aşağıdakı məlumatları təqdim etməlidirlər:

1.Pasportun surəti;

2.Avropa İttifaqı ölkələrində qanuni əsaslarla daimi və ya müvəqqəti yaşamaq üçün icazə kartınının ( turist vizaları  bura daxil deyil) surəti.

Qeyd etmək istərdik ki, yuxarıda göstərilən müvafiq sənədləri vaxtında səfirliyə təqdim etməyən vətəndaşlarımız Çex Respublikasının ərazisindən transit məqsədilə istifadə etməsi mümkün olmayacaqdır.