16 yanvar 2018-ci il tarixində Çexiyanın regionları ilə əməkdaşlıq əlaqələrinin inkişafı və dərinləşdirilməsi çərçivəsində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Cənubi Bohemiya regionunun payatxtı Çeske Budeyovitse (České Budějovice) şəhərinə səfər edib.
Səfər çərçivəsində Cənubi Bohemiya regionunun qubernatoru xanım İvana Ştraska (Ivana Stráska) səfir Fərid Şəfiyevi qəbul edib. Görüş zamanı Azərbaycan və Çexiyanın regionları arasında əməkdaşlıq əlaqələrinin qurulması, iqtisadiyyat, o cümlədən qarşılıqlı investisiya layihələri, kənd təsərrüfatı, habelə balıqçılıq sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub. Tərəflər həmçinin mədəniyyət və təhsil sahələrində münasibətlərin inkişafı perspektivlərinə toxunublar. Xanım İvana Ştraska ölkəmiz ilə regional əməkdaşlığın qurulmasına töhvə verməyə hazır olduğunu məmnunluqla qeyd edib.
Görüşün nəticəsi olaraq, sözügedən əməkdaşlıq istiqamətlərində ekspertlər səviyyəsində müzakirələrin davam etdirilməsi üzrə razılıq əldə olunub.