20 Yanvar şəhidlərinin xatirəsi Çexiyada anılıb
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Çex Respublikasındakı səfirliyində anım mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın Çexiyadakı diaspor təşkilatlarının nümayəndələri, tələbələr və səfirliyinin kollektivi iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi ilə bağlı yaradılmış guşənin önünə çiçəklər düzüb, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra səfir Adış Məmmədov Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizə tarixinə nəzər salıb, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən danışıb. A.Məmmədov 20 Yanvar hadisələrinin nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədiyini, əksinə, xalqımızı daha da sıx birləşdirdiyini diqqətə çatdırıb. Səfir 20 Yanvarın Azərbaycanın müstəqilliyinin bərpası yolunda dönüş nöqtəsi olduğunu deyib. Bildirib ki, bundan qısa müddət sonra Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.
Səfir A.Məmmədov bütün təzyiq və çətinliklərə baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həmin dövrdə nümayiş etdirdiyi siyasi iradədən bəhs edib. O, SSRİ rəhbərliyi tərəfindən törədilən bu cinayətlə bağlı Heydər Əliyevin informasiya blokadasını yararaq Moskvada sərt bəyanat verdiyini, bu qanlı faciəyə siyasi-hüquqi qiymətin verilməsinin də məhz Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı nəticəsində reallaşdığını diqqətə çatdırıb.
Səfir bildirib ki, Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələri və bu hadisələrlə əlaqədar əlilliyi olan şəxslər üçün zəruri sosial müdafiə sisteminin yaradıldığını qeyd edib.
A.Məmmədov 20 Yanvar faciəsinin üzərindən 32 il keçməsinə baxmayaraq, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş qanlı cinayətlərdən biri olan bu hadisəyə hələ də beynəlxalq siyasi-hüquqi qiymətin verilmədiyini təəssüflə bildirib.
Səfir, həmçinin müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi yol, əldə etdiyi iqtisadi yüksəliş, Ermənistanın ölkəmizə hərbi təcavüzü, 30 illik işğal və 44 günlük Vətən müharibəsi barədə də iştirakçıları məlumatlandırıb. A.Məmmədov Qara Yanvar zamanı milli azadlıq və Azərbaycanın bütövlüyü naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının arzu və amallarının xalqımızın qəhrəmanlıq salnaməsində yeni parlaq səhifə olan 44 günlük Vətən müharibəsi ilə reallaşdırıldığını bildirib.