news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 may 2024

28 May - Müstəqillik Günü münasibətilə Praqada rəsmi qəbul keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyi tərəfindən “Prague Marriott Hotel” mehmanxanasında  rəsmi qəbul keçirilmişdir. Ümumilikdə 200 nəfərədək qonağın toplaşdığı qəbulda Çexiya parlamentinin deputatları, Çexiya Xarici İşlər Nazirliyi və digər dövlət strukturlarının nümayəndələri, Çexiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ölkə ictimaiyyətinin nümayəndələri, habelə KİV təmsilçiləri və diasporanın fəalları iştirak etmişdir. 

Çexiya və Azərbaycanın Dövlət himnləri səsləndirildikdən sonra rəsmi hissədə səfir Adış Məmmədov çıxış edərək, Müsəlman Şərqində ilk dəfə dünyəvi-demokratik  dövlət dəyərlərini yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan etməsi ilə xalqımızın müstəqillik əzmini nümayiş etdirməsindən, həmçinin yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etməsindən, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daxili və xarici siyasətində əldə edilmiş böyük uğurlardan danışaraq, Azərbaycanın dayanmaz inkişafa malik olduğunu qeyd etmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində torpaqlarımızın otuz illik erməni işğalına son qoyduğunu bildirən A.Məmmədov, hazırda regionumuzda yeni reallıqların yarandığını, sülh və sabitliyin möhkəmləndirilməsi, regionun yeni inkişaf mərhələsinə qədəm qoyması üçün əlverişli zəminin mövcud olduğunu bildirmişdir. O, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri, habelə əhəmiyyətli infrastruktur layihələri həyata keçirən Azərbaycanın regionda sülh və əməkdaşlığı təşviq etdiyini qeyd etmişdir. Səfir, Azərbaycan cəmiyyətinin müxtəlif etnik qruplar və dinlərin nümayəndələrinin azad və mehriban şəkildə birgə yaşadığı tolerant bir cəmiyyət olduğunu vurğulamışdır. O, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rola, yaşıl enerji sahəsində ölkəmizdə həyata keçirilən layihələrə toxunaraq, 2024-cü ilin noyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına (COP29) hazırlıq işləri barədə məlumat vermişdir.

Sonra səfir ötən il Azərbaycan ilə Çexiya arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyinin də qeyd olunduğunu diqqətə çatdıraraq, iki ölkə arasındakı münasibətlərin qarşılıqlı hörmət və qarşılıqlı faydalı əməkdaşlığa söykəndiyini qeyd etmişdir. Azərbaycanın Cənubi Qafqazda Çexiyanın ən böyük ticarət tərəfdaşı olduğunu bildirən səfir, 2015-ci ildə Prezident Miloş Zemanın Azərbaycana rəsmi səfəri zamanı dövlət başçıları tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə iki ölkə arasındakı münasibətlərin yeni bir müstəviyə - strateji tərəfdaşlıq müstəvisinə keçdiyini vurğulamışdır. Son dövrdə həyata keçirilmiş yüksək səviyyəli səfərlərə, o cümlədən Azərbaycan Respublikası Milli Məclisinin Sədri xanım Sahibə Qafarovanın və Xarici İşlər Naziri cənab Ceyhun Bayramovun Çexiyaya rəsmi səfərlərinə, Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Sədri xanım Marketa Pekarova Adamovanın Azərbaycana rəsmi səfərinə toxunaraq, səfir həmin səfərlər zamanı keçirilmiş görüşlərin və aparılmış danışıqların iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı üçün geniş perspektivlərin yaratdığını qeyd etmişdir.  

Qəbulda fəxri qonaq qismində iştirak edən Çex Respublikası Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə Baş direktoru cənab Yaroslav Kurfürst çıxışı zamanı Azərbaycanın Müstəqilliyinin 106-cı ildönümü münasibətilə Çexiya Respublikasının təbriklərini bildirmiş və 31 illik Çexiya-Azərbaycan münasibətlərini dostluq və əməkdaşlıq illəri adlandıraraq, bu illər ərzində ölkələr arasında siyasi, iqtisadi və mədəni sferalarda əməkdaşlığın inkişaf etdiyini və xalqlar arasında əlaqələrin gücləndiyini vurğulamışdır. İki ölkə arasında dövlət başçıları səviyyəsində imzalanan strateji tərəfdaşlıq sazişini yüksək qiymətləndirən Y.Kurfürst, ölkəsi ilə Azərbaycan arasında davamlı siyasi əməkdaşlığın inkişaf etdirildiyini, bunun ölkələr arasında yüksək səviyyədə baş tutan qarşılıqlı səfərlərdə təzahür etdiyini vurğulamış  və siyasi məsləhətləşmələr məqsədilə ölkəmizə səfəri barədə xatirələrini bölüşmüşdür. Y.Kurfürst iqtisadi və ticarət əlaqələrinin iki ölkə arasındakı münasibətlərdə xüsusi yerinin olduğunu qeyd edərək, ölkəsinin Azərbaycanı enerji sahəsində çox mühüm və dəyərli tərəfdaş hesab etdiyini bildirmiş və İki ölkə arasında hərtərəfli əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulamışdır.

O, dünyada cərəyan edən siyasi proseslərdən söhbət açaraq, iki ölkə arasında qurulmuş konstruktiv dialoqun bir çox ölkələr üçün örnək ola biləcəyini bildirmiş və bu dialoqun davam edəcəyinə ümidini ifadə etmişdir. Çıxışında Cənubi Qafqaz regionundakı sülh prosesinə toxunaraq, Y.Kurfürst ölkəsinin regionda davamlı sülhün bərqərar olmasını dəstəklədiyini və regionun inkişafı üçün davamlı sülhün yeganə yol olduğunu qeyd etmişdir. 

Rəsmi hissədən sonra qəbul bədii proqramla davam etmişdir. Bədii hissədə Plzen Konservatoriyasında təhsil alan skripka ifaçısı, nüfuzlu musiqi yarışmalarının qalibi Canel Nəcəflinin və konservatoriyanın müəllimi Barbora Prokopovanın iştirakı ilə Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri ifa olunmuşdur.

Qəbul zamanı 2024-cü ilin noyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi COP29 hazırlıqları ilə bağlı video çarxlar, Bakı Media Mərkəzi tərəfindən istehsal edilmiş Azərbaycanın müxtəlif guşələrin əks etdirən video materiallar nümayiş etdirilmiş və tədbir iştirakçılarına milli mətbəximizin nümunələrindən ibarət ziyafət verilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti