Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Çexiyaya səfər edib
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Çexiyaya səfəri çərçivəsində bu ölkənin baş nazirinin elm və təhsil məsələləri üzrə nüavini Pavel Belobradek ilə görüş keçirib. Görüşdə həmçinin Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev iştirak edib. Görüş zamanı tərəflər elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. İki ölkənin təhsil müəssisələri və tədqiqat mərkəzləri arasında birbaşa əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər xüsusilə iki ölkənin təhsil müəssisələrinin əməkdaşlığı çərçivəsində birgə qrant layihələrinə müraciət edilməsi, elmi işçilərin mübadiləsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi, habelə elm sahəsində əldə edilmiş təcrübənin bölüşdürülməsi ilə bağlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə toxunublar.
Cənab Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti səfər zamanı həmçinin Çexiya Elmlər Akademiyasının vitse-prezidentləri Vladimir Mareçek və Yan Şafanda ilə görüş keçirib. Görüş zamanı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.