Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Azərbaycan-Çexiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri cənab Valeh Ələsgərovun rəhbərliyi altında nümayəndə heyəti Çexiyaya səfər edib
Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Azərbaycan-Çexiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri cənab Valeh Ələsgərovun rəhbərliyi altında Azərbaycanlı deputatlardan ibarət nümayəndə heyəti 23-26 may 2016-cı il tarixində Çexiyaya səfər edib.
Səfər ərzində cənab Valeh Ələsgərovun Çexiya Parlamentinin Senatı və Deputatlar Palatasının sədrləri Milan Ştex və Yan Hamaçek ilə görüşləri keçirilib. Azərbaycan nümayəndə heyəti həmçinin Çexiya Parlamentində təmsil olunan əsas partiyaların rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı Çexiya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib və qarşılıqlı səfərlərin bu müstəvidə oynadığı əhəmiyyətli roluna diqqət çəkilib. Ermənistan-Azərbaycan münaqişəsi, regionda cərayan edən hadisələrə dair fikir mübadiləsi aparılıb. Çexiya rəsmiləri Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə tənzimlənməsinin əhəmiyyətini qeyd ediblər.
Səfər zamanı cənab Valeh Ələsgərov habelə Çexiya xarici işlər naziri Lubomir Zaoralek və ticarət və sənaye naziri Yan Mladek ilə də görüşlər keçirib. Keçririlən görüşlərdə ölkələr arasında müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik, bölgədə həyata keçirilən iqtisadi və enerji layihələri, ölkəmizin bu layihələrin həyata keçirilməsindəki əhəmiyyətli rolu haqqında məsələlər müzakirə mövzusu olub.
Azərbaycan Milli Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti həmçinin 28 May Respublika günü münasibətilə Azərbaycanın Çexiyadakı Səfirliyinin binasında keçirilmiş ziyafətdə iştirak edib. Ziyafətdə Çexiya tərəfindən ali qonaq qismində Çexiya Parlamentinin Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Yan Hamaçek və digər yüksək səviyyəli qonaqlar iştirak edib. 28 May Respublika günü münasibətilə təşkil edilən tədbirdə çıxış edən əsas natiqlər cənab V.Ələsgərov və Y.Hamaçek, habelə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin önəmini bir daha vurğulayaraq, bu münasibətlərin daha da möhkəmlənəcəyinə ümidvar olduqlarını bir daha qeyd ediblər.
Y.Hamaçek öz çıxışında iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında tənzimlənməsinin vacibliyini vurğulayıb.