Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev Praqa İqtisad Universitetinin auditoriyası qarşısında çıxış edib
Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev, Türkiyə və Küveytin Çexiyadakı səfirləri ilə birgə Praqa İqtisad Universitetində “İslam və Avropa. Avropa İttifaqı ölkələri ilə münasibətlər” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirənin keçirildiyi böyük auditoriyada yerli tələbələr ilə yanaşı İslam Əməkdaşlıq Təşkilatının Praqa Qrupunda (İƏTPQ) təmsil olunan bir sıra ölkələrin səfirləri və nümayəndələri iştirak edib.
İƏTPQ nümayəndələri və tələbələr qarşısında çıxış edən səfir Fərid Şəfiyev Azərbaycanın müxtəlif mədəniyyətlər qovşağında yerləşdiyini qeyd edib, çətin regionda olmasına baxmayaraq, ölkəmizdə sabitlik və əmin-amanlığın bərqərar olduğunu vurğulayıb. Azərbaycanlı diplomat müxtəlif dini konfesiyaya malik qrupların ölkəmizdə sülh və tolerantlıq şəraitində birgə mövcudluğunu xüsusi qeyd edib və belə bir modelin digər regionlar üçün nümunəvi roluna diqqəti çəkib. Səfir habelə Azərbaycan-Çexiya, Azərbaycan-Avropa İttifaqı ölkələri arasındakı münasibətlərin müxtəlif aspektləri haqqında söhbət açıb.
Səfir Fərid Şəfiyev həmçinin İslam mədəniyyəti və dəyərlərinin Qərbdəki imici, bu dəyərlərə qarşı mövcud olan anlaşılmazlıqlar haqqında bəhs edib.
Türkiyə və Küveytin Çexiyadakı səfirləri tərəfindən müvafiq çıxışlar başa çatdıqdan sonra auditoriyanın sualları ətraflı şəkildə hər üç ölkənin səfirləri tərəfindən cavablandırlıb.