Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyevin sədrliyi ilə İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin Çexiyada akkreditə olunmuş səfirlərinin Praqa Qrupunun görüşü keçirilib
25 yanvar 2017-ci il tarixində səfir Fərid Şəfiyevin sədrliyi ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələrinin Çexiyada akkreditə olunmuş səfirlərinin Praqa Qrupunun (PQ) Azərbaycanın Çexiyadakı səfirliyində görüşü keçirilib.
Keçən il İƏT PQ-ya sədrlik etmiş Türkiyənin Çexiyadakı səfiri tərəfindən sədrliyin Azərbaycan səfirinə keçməsi görüş zamanı qeyd olunub.
Səfir Fərid Şəfiyev İƏT PQ görüşünü açaraq, 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli Sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir həmçinin IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçiriləcəyini bildirib və bu müstəvidə, cari il ərzində İƏT PQ-yə sədrlik edəcəyindən məmnunluq ifadə edib.
Azərbaycan səfiri İƏT PQ platformasından istifadə etməklə, Çexiya hökuməti və ictimaiyyəti ilə əməkdaşlıq edilməsinin əhəmiyyətini vurğulayıb və İslam dəyərləri və mədəniyyətinin irəlilədilməsi və düzgün anlaşılması istiqamətində İƏT PQ-də təmsil olunan səfirləri öz səylərini artırmağa səsləyib.
Azərbaycan səfirliyində keçirilən sözügedən tədbirdə İƏT PQ səfirləri ilə yanaşı, Çexiya rəsmi qurumlarının və ictimaiyyətinin bir sıra nümayəndələri iştirak edib.