Çexiya Prezidentinin Sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş ziyafət və konsert keçirilib
28 may 2018-ci il tarixində Çexiyanın ən tanınmış və qədim binalarından biri olan Çexiya Prezidenti Sarayında Azərbaycanın Çexiyadakı Səfirliyinin təşkilatçılığı və “Gəncə avtomobil zavodu”, “Azərbaycan-Çexiya Ticarət Palatası”, Çexiyanın “Tatra” və “Moravia Steel” şirkətləri, Azərbaycanın Karlovı Varı şəhərindəki Fəxri Konsulluğu, “Leyla Frymburk” Mehmanxanası və müxtəlif Azərbaycanlı iş adamlarının sponsorluğu ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş ziyafət və konsert keçirilib.
Ziyafətdə Çexiyanın dövlət qurumlarının yüksək vəzifəli şəxsləri, parlamentin üzvləri, səfirlər, diplomatik korpusun digər nümayəndələri, habelə Çexiya ictimaiyyətinin tanınmış simaları və Azərbaycan icmasının üzvləri iştirak edib. Tədbirin aparıcısı Çexiyanın məhşur televiziya ulduzu Mixaila Şmidova olub.
Ziyafətin açılış mərasimində əsas natiqlər qismində ilk öncə çıxış edən Azərbaycanın Çexiyadakı Səfiri Fərid Şəfiyev 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olduğunu qeyd edib. Azərbaycanlı diplomat ölkəmizin yenidən müstəqillik əldə edərkən, Azərbaycan Respublikasının qədim dövlətçilik ənənələrinə sadiq qaldığını, xalqımızın 28 May gününü Respublika Günü qismində təntənə ilə qeyd etdyini vurğulayıb. Səfir Fərid Şəfiyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir Azərbaycan Respublikasının müstəqilliyinin gücləndirilməsi və ölkəmizin inkişafı istiqamətində atılan addımlar barədə bəhs edib.
Çexiya Parlamentinin Deputatlar Palatasının sədr müavini Yan Hamaçek çıxışında Azərbaycan xalqını səmimi təbrik edərək, Çexiyanın Azərbaycan ilə əməkdaşlığa verdiyi önəmi xüsusilə vurğulayıb. Yan Hamaçek müasir və müstəqil Azərbaycanın regionda apardığı siyasət və həyata keçirdiyi iqtisadi layihələri alqışladıqlarını və Azərbaycan ilə bundan sonra da sıx əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.
Daha sonra Azərbaycanın caz-folklor qrupu “Elçin Şirinovun kvartetinin” ifasında konsert proqramı təqdim edilib. Azərbaycanın tanınmış musiqiçiləri Elçin Şirinov və Mircavid Cəfərovun ifasında təqdim olunan kompozisiyalar ziyafət iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Azərbaycanın Çexiyadakı Səfiri Fərid Şəfiyev Çexiya Prezidenti Sarayına təşəkkür əlaməti olaraq qonaqlar qarşısında bəstəkar Antonin Dvorjakın "Anamın mənə öyrətdikləri" əsərini fortepianoda ifa edib.
Ziyafətdə Azərbaycan mətbəxinin ləziz təamlarından ibarət şam yeməyi qonaqlara təqdim olunub.