Çexiya Parlamentinin binasında “Azərbaycan və Çex Respublikası: qarşılıqlı münasibətlər hazırda və gələcəkdə” adlı seminar keçirilmişdir.
14 mart 2018-ci il tarixində Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyinin dəstəyi ilə Avropa-Azərbaycan Ticarət Palatası tərəfindən Çexiya Parlamentinin binasında “Azərbaycan və Çex Respublikası: qarşılıqlı münasibətlər hazırda və gələcəkdə” adlı seminar keçirilmişdir. Tədbir Çex Respublikası Deputatlar Palatasının üzvü, ANO 2011 hərəkatının sədrinin birinci müavini Yaroslav Faltinekin himayəsi altında təşkil olunmuşdur.
Seminarda “Azərbaycan və Çexiyanın enerji təhlükəsizliyi”, “Çexiya və Azərbaycan arasında ticarət sahəsində əməkdaşlıq”, “Azərbaycanda siyasi vəziyyət”, “Çex-Azərbaycan münasibətlərinin gələcəyi” və s. mövzularda müzakirələr aparılmışdır. Tədbirdə Azərbaycanın multikulturalizm ənənələri, dinlər və mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələr, ölkəmizin təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş “Bakı prosesi” barədə ətraflı məlumat verilmiş, Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olmasının dayandığı vurğulanmışdır.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev ikitərəfli əlaqələrin keçmişi və gələcək potensialından bəhs etmiş, habelə qarşılıqlı münasibətləri şərtləndirən amillərə toxunmuşdur. O, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün etnik təmizləməyə məruz qalması, Ermənistanın dünya birliyinin rəyinə və BMT TŞ-nin məsələ ilə bağlı qəbul etdiyi 4 qətnaməyə məhəl qoymadığını qeyd etmişdir. EXPO-2025 Ümumdünya Sərgisinə Bakı şəhərinin namizədliyi haqqında məlumat verən səfir F.Şəfiyev Cənubi Qafqaz iqtisadiyyatının 75 %-nin Azərbaycanın payına düşməsi, “Moravia Steel” və s. çex şirkətlərinin ölkəmizdə fəaliyyət göstərməsi, hazırda Azərbaycanın Xəzər enerjidaşıyıcılarının Qərbə nəqlini nəzərdə tutan TANAP və Çin ilə Avropanı əlaqələndirən nəqliyyat dəhlizi layihələrinin həyata keçirilməsi istiqamətində çalışdığını bildirmişdir.
Çex Respublikası parlamentinin üzvü, ANO 2011 hərəkatının sədrinin birinci müavini Yaroslav Faltinek çıxışında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olan ölkələrimiz arasında paralellər aparmış, istər Azərbaycan, istərsə də Çexoslovakiyanın müstəqilliklərini 1918-ci ildə bir neçə ay fərqlə əldə etdiklərini, Çexoslovakiyadan fərqli olaraq cəmi 2 il ömür sürən respublikamızın müsəlman Şərqində ilk demokratik dövlət olmasını vurğulamışdır. O bildirmişdir ki, hər iki ölkə qədim tolerantlıq ənənələrinə sahibdir və 1991-ci ildə yenidən müstəqilliyini bərpa edən Azərbaycanda xristian və yəhudi icmalarının azad fəaliyyətinə şərait yaradılır. İkitərəfli iqtisadi münasibətlərə toxunan Y.Faltinek Çexiyada Azərbaycan, Azərbaycanda isə Çexiya kapitalının təmsil olunduğunu qeyd etmiş, eləcə də Çexiyanın ölkəmizə qida sahəsində texnologiyalar təqdim etməyə hazır olduğunu sözlərinə əlavə etmişdir.
Azərbaycan-Avropa Ticarət Palatasının rəhbəri David Snaşel Azərbaycan-Çexiya biznes əlaqələrinin mövcud vəziyyəti və perspektivləri barədə söz açmış, ölkələrimiz arasındakı iqtisadi və biznes əlaqələrinin yaxşı nümunəsi qismində Çexiyanın “Tatra” və Gəncə Avtomobil Zavodu ilə əməkdaşlığını, habelə Çexiyanın bir sıra şirkətlərinin Azərbaycanda infrastruktur və loqistika layihələrində uğurla iştirak etdiyini xatırlatmışdır.
Daha sonra Karl Universitetinin Xəzər və Azərbaycan üzrə Araşdırmalar Mərkəzinin rəhbəri professor Eduard Qombar və “Azərbaijan Student Network” təşkilatının Praqa ofisinin direktoru Eldar Vəliyev çıxış edərək, Azərbaycanın zəngin tarixi və mədəniyyəti haqqında ətraflı məlumat vermişdir.
Tədbirin sonunda seminar iştirakçılarını ölkəmiz barədə maraqlandıran suallar ətraflı cavablandırılmışdır.