Müstəqillik Günü münasibətilə Praqada rəsmi qəbul keçirilib
28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyi rəsmi qəbul keçirib. AZƏRTAC xəbər verir ki, 250 nəfərədək qonağın iştirak etdiyi qəbulda Çex Respublikasının sabiq Prezidenti Miloş Zeman, nəqliyyat naziri Martin Kupka, Parlamentin Deputatlar Palatasının və Senatının üzvləri, Çexiya Xarici İşlər Nazirliyi, Sənaye və Ticarət Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi, Ətraf Mühit Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, Çexiyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, ölkə ictimaiyyətinin nümayəndələri, habelə media təmsilçiləri və diaspor fəalları iştirak edib.
Çexiyanın və Azərbaycanın Dövlət himnləri səsləndirildikdən sonra rəsmi hissədə səfir Yaşar Əliyev çıxış edərək, 1918-ci ildə Müsəlman Şərqində ilk dəfə dünyəvi-demokratik dövlət dəyərlərini yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan etməsi ilə xalqımızın müstəqillik əzmini nümayiş etdirməsindən, həmçinin yeni tarixi şəraitdə 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etməsindən, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin daxili və xarici siyasətində əldə edilmiş böyük uğurlardan danışıb.
Səfir, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda regionumuzda yeni reallıqların yarandığını, sülh və sabitliyin möhkəmləndirilməsi, regionun yeni inkişaf mərhələsinə qədəm qoyması üçün əlverişli zəminin mövcud olduğunu bildirib. O, bugünkü Azərbaycanın gələcəyə inamla baxdığını və bütün dövlətlərlə əməkdaşlığa hazır olduğunu vurğulayıb. Səfir çıxışında, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rola, Davamlı İnkişaf Gündəliyinə, iqlim fəaliyyətinə və qlobal əməkdaşlığın digər əsas sahələrinə ölkəmiz tərəfindən verilən töhfələrə toxunaraq, Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi və 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına (COP29) ev sahibliyi ilə əlaqədar görülmüş işlər barədə məlumat verib.
Y.Əliyev Azərbaycan ilə Çex Respublikası arasındakı münasibətlərin dostluq, dəstək və həmrəyliyə söykənən qarşılıqlı faydalı əməkdaşlıq əsasında qurulduğunu qeyd edərək, iki ölkənin rəhbərləri arasında mövcud olan sıx əməkdaşlıq əlaqələrini və keçirilən görüşləri xüsusilə vurğulayıb. Azərbaycanın Cənubi Qafqazda Çexiyanın ən böyük ticarət tərəfdaşı olduğunu bildirən səfir son dövrdə iki ölkə arasındakı ticari-iqtisadi əlaqələrin inkişaf dinamikası barədə ətraflı söhbət açıb.
Rəsmi qəbulda fəxri qonaq qismində iştirak edən Çex Respublikası xarici işlər nazirinin müavini Yan Marian çıxışı zamanı Azərbaycanın müstəqilliyinin 107-ci ildönümü münasibətilə ölkəsinin təbriklərini çatdırıb. O, iki ölkə arasındakı 32 illik münasibətləri dostluq və əməkdaşlıq illəri adlandıraraq, ötən müddətdə Çex Respublikası və Azərbaycan Respublikası arasında siyasi, iqtisadi və mədəni sferalarda əməkdaşlığın inkişaf etdiyini və xalqlar arasında əlaqələrin gücləndiyini vurğulayıb. İki ölkə arasında dövlət başçıları səviyyəsində imzalanmış strateji tərəfdaşlıq sazişini yüksək qiymətləndirən Y.Marian, ölkəsi ilə Azərbaycan arasında davamlı siyasi əməkdaşlığın inkişaf etdirildiyini, bunun ölkələr arasında yüksək səviyyədə baş tutan qarşılıqlı səfərlər də təzahür etdiyini qeyd edib.
Nazir müavini son dövrdə həyata keçirilmiş qarşılıqlı səfərlərin inkişaf dinamikasına toxunaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin oktyabrında Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak etmək məqsədilə Praqaya səfərini və 2024-cü ilin noyabr ayında Bakıda keçirmiş COP29 Liderlər Sammitində Çex Respublikasının Baş naziri Petr Fialanın başçılıq etdiyi nümayəndə heyətinin iştirakını xüsusilə vurğulayıb. O, həmin səfərlər zamanı keçirilmiş görüşlərin və aparılmış danışıqların iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı üçün geniş perspektivlər yaratdığını bildirib.
Y.Marian iqtisadi və ticarət əlaqələrinin iki ölkə arasındakı münasibətlərdə xüsusi yerinin olduğunu qeyd edərək, ölkəsinin Azərbaycanı enerji sahəsində çox mühüm və dəyərli tərəfdaş hesab etdiyini bildirib və iki ölkə arasında əlaqələrin bütün istiqamətlərdə inkişafı üçün böyük potensialın olduğu barədə məlumat verib. O, dünyada cərəyan edən siyasi proseslərdən söhbət açaraq, iki ölkə arasında qurulmuş konstruktiv dialoqun bir çox ölkələr üçün örnək ola biləcəyini bildirib və bu dialoqun davam edəcəyinə ümidini ifadə edib.
Çıxışında Azərbaycan ilə Ermənistan arasındakı sülh danışıqlarına toxunan Y.Marian Çex Respublikasının Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olmasını dəstəklədiyini vurğulayıb.
Tədbirin davamında Müstəqillik Gününə həsr olunmuş xüsusi videomaterial, Bakı Media Mərkəzi tərəfindən istehsal edilmiş Azərbaycanın müxtəlif guşələrini əks etdirən videoçarxlar və dahi bəstəkar Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamının müşayiəti altında ölkəmizin möcüzəli təbiət mənzərələri nümayiş etdirilib.