PRAQA ŞƏHƏRİNDƏ „SON İCLAS“ BƏDİİ-SƏNƏDLİ FİLMİNİN 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ NÜMAYİŞİ TƏŞKİL OLUNUB
Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyinin təşkilatçılığı ilə 17 yanvar 2019-cu il tarixində Praqa şəhərindəki “Lucerna” kinoteatrında Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Fondunun dəstəyilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunmuş “Son iclas” bədii-sənədli filminin nümayişi təşkil olunub.
Nümayişdən əvvəl çıxış edərək qonaqları salamlayan Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev film haqqında qısa məlumat verib, onun 27 aprel 1920-ci il tarixində XI Qızıl Ordunun ölkəmizə müdaxiləsi əsnasında Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs etdiyini və hökumətin öz son qərarını hansı çətin şəraitdə verməsini əks etdirdiyini bildirib.
O, çıxışı əsnasında 29 öncə baş vermiş 20 Yanvar faciəsi və „Praqa baharı“ zamanı 16 yanvar 1969-cu il tarixində tələbə Yan Palaxın özünü yandırması hadisəsi ilə paralellər apararaq Sovet ordusunun istər Azərbaycana, istərsə də keçmiş Çexoslovakiyaya müdaxiləsinin qanlı nəticələrə səbəb olduğunu xatırladıb. Səfir F.Şəfiyev 1920-ci ildən fərqli olaraq axıdılan şəhid qanlarının bu dəfə nəticəsiz qalmadığını, xalqımızın milli azadlıq mübarizəsinin cəmi bir il sonra ölkəmizin istiqlaliyyətini əldə etməsi ilə nəticələndiyini vurğulayıb və həmin qurbanların sayəsində bu gün müstəqil Azərbaycan və Çexiya dövlətlərinin sıx şəkildə əməkdaşlıq etdiklərini nəzərə çatdırıb.
Filmin nümayişində Çexiyanın dövlət nümayəndələri, diplomatik korpusun üzvləri, habelə yerli ictimaiyyət və Azərbaycan icmasının çoxsaylı üzvləri içtirak edib.
Film tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.