Praqada “Çexiya və müsəlman ölkələri arasında münasibətlər” mövzusunda Konfrans keçirilib
24 may 2017-ci il tarixində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin sədrliyi altında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələrinin Çexiyada akkreditə olunmuş səfirlərinin Praqa Qrupunun (PQ) və Çexiyanın əsas ali təhsil müəssisəsi Karl Universitetinin birgə təşkilatçılığı ilə “Çexiya və müsəlman ölkələri arasında münasibətlər” mövzusunda konfrans keçirilib.
Konfransda Çexiyanın dövlət qurumları, parlamentin üzvləri, ictimaiyyətin nümayəndələri, Karl Universitetinin professor və tələbələri iştirak edib.
İki paneldən ibarət təşkil edilən konfransı giriş çıxışları ilə Karl Universitetinin rektoru Tomaş Zima, Çexiya xarici işlər nazirinin müavini Martin Tlapa, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev və Misir səfiri açıblar. Daha sonra əsas natiq qismində İslam üzrə məhşur ingilis alimi xanım Karen Armstrong, Çexiya müdafiə nazirinin müavini Yakub Landovski və Karl Universitetinin professorları çıxış ediblər.
İƏTPQ-nin sədri qismində çıxış edən səfir Fərid Şəfiyev Konfransın əhəmiyyəti haqqında söhbət açıb və tədbirin təşkil edilməsində əsas məqsədin Çexiya və müsəlman ölkələri arasında münasibətlərin müxtəlif aspektlərini müzakirə etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Səfir xüsusilə dünyada artmaqda olan ksenofobiya, islamafobiya, dözümsüzlük halları müstəvisində konfransın düzgün vaxtda təşkil edildiyini və problemli məsələlərin ayırıcı xətlər əsasında deyil, birgə anlaşma vasitəsilə həll edilməsinin əhəmiyyətini qeyd edib. Azərbaycanlı diplomat bu xüsusda ölkəmizi nümunə gətirərək, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda etnik, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanların stabillik şəraitində dinc yaşadıqlarını diqqətə çatdırıb. Səfir həmçinin, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edildiyini, Bakıda həm İslam Həmrəyliyi oyunlarının, həm də iki il öncə ilk Avropa oyunlarının təşkil edildiyini xüsusilə vurğulayıb və bunu ölkəmizin apardığı siyasətin müvəffəqiyyətli nəticəsi kimi qiymtələndirib.
Çoxsaylı qonaqların qatıldığı Konfrans böyük marağa səbəb olub və qonaqların şərəfinə verilmiş ziyafət ilə yekunlaşıb.