PRAQADA "KÖNLÜM KEÇIR QARABAĞDAN" ADLI KONSERT PROQRAMI TƏŞKİL OLUNUB
Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyi, Azərbaycanın Karlovı-Varı şəhərindəki Fəxri Konsulluğu və Xan Şuşinski Fondunun birgə təşkilatçılığı ilə 30 oktyabr 2018-ci il tarixində Praqadakı “President” otelində "Könlüm keçir Qarabağdan" adlı konsert proqramı təşkil olunub.
Konsertdə Çexiyanın dövlət nümayəndələri, diplomatik korpusun üzvləri, habelə yerli ictimaiyyət və Azərbaycan icmasının çoxsaylı təmsilçiləri iştirak edib.
Tədbirin açılışında Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək Azərbaycan mədəniyyəti, Azərbaycan musiqisində Qarabağ məktəbinin rolu və əhəmiyyəti haqqında ətraflı məlumat verib.
Xan Şuşinski Fondunun rəhbəri, Azərbaycan muğamının mahir ifaçısı İsfəndiyar Cavanşirovun (Xan Şuşinski) qızı Bəyimxanım Verdiyeva milli musiqimizin dünya ölkələrində təbliği istiqamətində həyata keçirdikləri layihə barədə danışıb, bundan sonra da müxtəlif xarici dövlətlərdə silsilə konsertlərin təşkil olunacağını qeyd edib.
Çıxışlar bitdikdən sonra “Muğam televiziya müsabiqəsi”nin laureatı, Beynəlxalq muğam müsabiqəsinin qalibi, Azərbaycan Respublikasının əməkdar artisti Ehtiram Hüseynovun ifasında Azərbaycan muğam, təsnif və xalq musiqiləri ifa olunub. Konsert proqramı dinləyicilərin böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
Tədbirə qatılmış qonaqlar üçün həmçinin furşet və sərinləşdirici içkilər təqdim olunub.