Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Çexiyada ehtiramla anılıb
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını qurban vermiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr - Anım Günü ilə əlaqədar Çex Respublikasının Praqa şəhərində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə bu ölkədə yaşayan həmvətənlərimiz, tələbələr, iş adamları, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səfirliyin binasında keçirilən mərasimdə, əvvəlcə 44 günlük Vətən müharibəsi zamanı ölkənin azadlığı uğrunda canlarını fəda verən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsi barədə fikir mübadiləsi aparılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şanlı döyüş yolu nəzərdən keçirilib, Vətən müharibəsinin başlandığı tarixindən bütün xalqımızın öz liderinin ətrafında daha sıx birləşdiyi və yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gəncinin cəbhəyə könüllü getmək üçün müraciət etdiyi xatırlanıb.
Sonra iştirakçılar Vətən müharibəsinin əzəmətli döyüş səhnələri, Azərbaycan xalqının Vətən uğrunda birliyi əks etdirən fotosərgi ilə tanış olublar.