2016-03-03

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Praqada "Azərbaycanda biznesin aparılması" adlı seminarda iştirak edib

3 mart 2016-cı il tarixində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin iştirakı ilə Praqada "Azərbaycanda biznesin aparılması" başlıqlı seminar təşkil edilib. Seminarın keçirilməsində məqsəd yerli çex şirkətlərinin Azərbaycana sərmaye yatırması imkanlarının təşviq edilməsindən ibarət olub.  

Seminarda Çexiya Sənaye və Ticarət nazirliyi, Çexiya İxracatın zəmanəti və sığortası cəmiyyəti (EGAP) və digər dövlət qurumlarının nümayəndələri, habelə müxtəlif şirkətlərin təmsilçiləri iştirak edib.

Tədbirdə əsas natiqlər qismində Azərbaycan səfiri Fərid Şəfiyev, Çexiya Sənaye və Ticarət nazirliyinin xarici iqtisadi siyasət bölməsinin rəhbəri Martin Pospişil, Çexiya sənaye və nəqliyyat birliyinin vitse-prezidneti Radek Şpitsar, EGAP-ın nümayəndəsi Hana Hikelova və digərləri çıxış edib.

Səfir Fərid Şəfiyev öz çıxışında ümumdünya iqtisadi böhran vəziyyəti və neft qiymətlərinin kəskin enməsi hallarına baxmayaraq, Azərbaycanın sabit şəkildə iqtisadi inkişafını davam etdirdiyini, biznes mühitinin yaxşılaşdırılması məqsədilə hökumətin həyata keçirdiyi tədbirlər, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində atdığı addımlar haqqında bəhs edib. Səfir F.Şəfiyev Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin yatırılmasının əhəmiyyətinə toxunub və yerli istehsal imkanlarının perspektivləri haqqında bəhs edib.

Seminarda Azərbaycanda fəaliyyət göstərən "Ekvita" vəkillər bürosunun nümayəndəsi Anar Kərimov "Azərbaycanda biznes mühitini tənzimləyən qanunvericilikdə yeniliklər" mövzusunda çıxış edib. O, ölkəmizdə biznesin aparılması və bununla əlaqədar hüquqi təminat haqqında tədbir iştirakçılarına məlumat verib.

Digər natiqlər öz çıxışlarında Azərbaycanda münbit sərmayə mühitinin formalaşması, ölkəmizin sabit inkişafı, MDB ölkələri arasında aparıcı iqtisadi göstəricilərə malik olması, Çexiya-Azərbaycan iqtisadi və biznes əlaqələrinin inkişafı haqqında məlumat verib.

Arxiv üzrə axtarış