2016-05-05

Xarici işlər naziri Elmar Məmmədyarov Vışeqrad Qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Praqada keçirilmiş görüşündə iştirak edib

4 may 2016-cı il tarixində Vışeqrad Qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Praqada keçirilmiş toplantısında iştirak etmək məqsədilə xarici işlər naziri cənab Elmar Məmmədyarov Çexiyaya səfər edib. 

Nazir E.Məmmədyarov Vışeqrad Qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısında çıxış edib. Çıxışı ərzində cənab E.Məmmədyarov Şərq tərəfdaşlığı çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlər haqqında söhbət açıb, Vişeqrad Qrupu ilə əməkdaşlıq məsələlərinin əhəmiyyətinə toxunub. Aİ üzv ölkələri arasında strateji tərəfdaşların sayının artmasının Azərbaycanı eyni şərtlər altında Aİ ilə dialoqu inkişaf etdirməyə ruhlandırdığı qeyd olunub. Azərbaycanın Riqa Şərq Tərəfdaşlığı sammitində Aİ-Azərbaycan Strateji Tərəfdaşlıq Saziş layihəsini təqdim etdiyi, bu sazişin ikitərəfli əlaqələri keyfiyyətcə yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldıracağı və Aİ-Azərbaycan əməkdaşlığının gələcəyi üçün daha yaxşı platforma rolunu oynayacağı vurğulanıb.
 
E. Məmmədyarov tədbir çərçivəsində Çexiya, Macarıstan, Gürcüstan, Moldova, Belarus xarici işlər nazirləri, habelə İsveçin dövlət naziri və Niderland Krallığının xarici işlər nazirinin müavini ilə ikitərəfli görüşlər keçirib. E.Məmmədyarovun keçirdiyi görüşlər ərzində Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik məsələləri, Azərbaycan-Avropa İttifaqı arasındakı əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə edilib. Çexiya və Macarıstan xarici siyasət orqanlarının rəhbərləri Aİ-Azərbaycan Strateji Tərəfdaşlıq Saziş layihəsini dəstəklədiklərini və ölkəmizi Vışeqrad Qrupu və Şərq Tərəfdaşlığı platforması çərçivəsində dəstəkləməyə hazır olduqlarını qeyd ediblər. 
 

Arxiv üzrə axtarış