2016-05-10

Praqa şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş ənənəvi beynəlxalq turnir keçirilib

Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyinin təşkilatçılığı, Çexiyada fəaliyyət göstərən Student Republic şirkətinin sponsorluğu və Çexiya-Azərbaycan İctimai Birliyinin (Česko-Ázerbájdžánský Spolek, ČAS) dəstəyi ilə Praqa şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş həvəskarlar arasında 2-ci beynəlxalq şahmat turniri təşkil olunub. Turnirdə Çexiya, Azərbaycan və digər ölkələrdən olan həvəskar şahmatçılar iştirak edib.

Turnir başa çatdıqdan sonra Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev turnir iştirakçıalrı qarşısında çıxış edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan tarixindəki mühüm rolu, onun xalqımız qarşısındakı xidmətləri haqqında bəhs edib. Azərbaycanlı diplomat Praqada sözügedən turnirin ənənəvi şəkildə keçirildiyini vurğulayaraq, növbəti illərdə də təşkil ediləcəyinə ümidvar olduğunu bildirib. Səfir F.Şəfiyev daha sonra turnir qaliblərini müvafiq hədiyyə və sertifikatlarla təltif edib.

Sözügedən beynəlxalq şahmat turnirində ilk yerləri ardıcıl olaraq Azərbaycan, Türkiyə və Rusiya şahmatçıları tutub. Turnirdə hakim qismində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) nümayəndəsi iştirak edib.

Turnirin keçirildiyi salonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş kitab və jurnallar, habelə müvafiq broşürlər turnir iştirakçıları arasında paylanılıb.

Arxiv üzrə axtarış