2017-10-23

Azərbaycanla Çexiya arasında istər parlament, istərsə də hökumət səviyyəsində əlaqələr inkişaf edir

Oktyabrın 23-də Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Çex Respublikası Senatının sədr müavini Yirji Şestakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, ölkələrimiz arasındakı əlaqələrdən söz açan Valeh Ələsgərov səfərin əhəmiyyətini yüksək dəyərləndirib. O qeyd edib ki, səfər çərçivəsində Bakıda keçiriləcək görüşlər və aparılacaq danışıqlar mövcud münasibətlərin daha yüksək səviyyəyə qalxmasına təkan verəcək.

Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycanla Çexiya arasında istər parlament, istərsə də hökumət səviyyəsində əlaqələr ildən-ilə inkişaf edir. Münasibətlərin dərinləşməsində parlamentlərarası dostluq qruplarının da rolu var.

Görüşdə Yirji Şestak Azərbaycana səfərdən məmnunluqlarını bildirib. O, mövcud əməkdaşlıq əlaqələrini daha da dərinləşdirmək və genişləndirmək niyyətində olduqlarını deyib. Senatın sədr müavini Çexiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair dövlət başçılarının imzaladığı sənədi xatırladıb. O, siyasi əlaqələrlə yanaşı, iqtisadi sahədə də əməkdaşlığın inkişafını istədiklərini bildirib.

Söhbət zamanı Azərbaycanla əməkdaşlıq edən Çexiya şirkətlərindən də bəhs olunub, bu əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb. Qarşılıqlı maraq doğuran bir sıra məsələlər, xüsusilə də Azərbaycanla əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin komitə sədrləri Eldar İbrahimov və Ziyad Səmədzadə, Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Sədaqət Vəliyeva, Ülviyyə Ağayeva, Kamilə Əliyeva və Kamran Nəbizadə iştirak ediblər.

https://azertag.az/xeber/1105191

 

Arxiv üzrə axtarış