2017-12-13

Çexiyanın Sənaye və Ticarət nazirliyi və Czech Trade qurumunun dərc etdiyi “Český Exportér” jurnalında Azərbaycana dair məlumat dərc edilib

“Český Exportér” jurnalının 2017-ci ilin dekabr ayı üçün 10 saylı buraxılışında “Qazaxıstan və Azərbaycan neftdən masir iqtisadiyyata keçid yolunu seçdilər” başlıqlı məlumat dərc edilib.

Məlumatda Qazaxıstan və Azərbaycanın neft ixracatından asılılığa son qoyaraq, iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirdikləri vurğulanıb. Bununla əlaqədar, Çexiya şirkətlərinin hər iki ölkənin daxili bazarlarında iştirakı üçün böyük imkan əldə etdiyi xüsusi qeyd edilib. Mərkəzi Asiyada Qazaxıstanın, Cənubi Qafqaz bölgəsində isə Azərbaycanın böyük mineral resurslara malik olması səbəbindən Çexiya və xarici şirkətlərin bu regionlara daim diqqət göstərdiyi bildirilib.

Son 20 il ərzində Azərbaycana yatırılan xarici kapital nəticəsində ölkənin neft ehtiyatlarının 1,2 milyard barreldən 7 milyard barrel həcmində artmasının geoloji cəhətdən təsdiqləndiyi qeyd olunub.

Dərc edilən yazıda həmçinin Bakının böyük kommersiya liman şəhərinə çevrildiyi və yükdaşımalar sahəsində əhəmiyyətli tranzit rolunu oynadığı vurğulanıb. Həmçinin ölkəmizin həyata keçirdiyi mühüm enerji layihələrinə diqqət çəkilib. Azərbaycan üçün bir nömrəli prioritet enerji layihəsinin hazırda Cənubi Qaz Dəhlizi olduğu bildirilib, Rusiyadan asılı olmayan xətt ilə Avropaya qaz çatdırılmasının əhəmiyyətinə toxunulub. 40 milyard dollar məbləğində vəsait hesabına həyata keçirilən TANAP və TAP boru xətlərindən ibarət bu layihənin Azərbaycan-Gürcüstan-Türkiyə-Yunanıstan-Albaniya-İtaliyadan keçməklə 2020-ci ildə ərsəyə gələcəyi qeyd olunub. SOCAR şirkətinin 2020-ci il üçün təbii qaz ixracatını 30 milyard kub-metr həcmində artıracağı göstərilib.  

Məlumatda həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin bu yaxınlarda açılışına toxunulub. Nəqliyyat və yükdaşımalar sahəsində 820 km-lik sözügedən dəmiryolu xəttinin təkcə Azərbaycan-Gürcüstan-Türkiyəni birləşdirdiyinə deyil, Avropa və Çin arasında birbaşa əlaqə yaratdığına diqqət çəkilib.

Məqalənin sonunda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycan hökuməti tərəfindən prioritet sahələr qismində kənd təssərrüfatı və qida sənayesi, farmasevtika, elektro-texnika, mexaniki mühəndislik, istehlak və ətraf mühit üzrə texnologiya sahələrinin elan edildiyi bildirilərək, çex şirkətləri üçün geniş imkanların yarandığı xüsusilə qeyd olunub.

Arxiv üzrə axtarış