2018-03-06

Praqada yerli jurnalistlər üçün Azərbaycan haqqında mətbuat konfransı keçirilib

6 mart 2018-ci il tarixində Azərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan-Avropa Ticarət Palatası tərəfindən Çexiya mətbuat nümayəndələri üçün Praqanın “President” hotelində Azərbaycan haqqında təqdimat təşkil olunub. Təqdimatda Azərbaycanın turizm imkanları, tarixi, mədəniyyəti, iqtisadiyyatı, regiondakı rolu, eləcə də Bakı şəhərinin EXPO-2025 Ümumdünya Sərgisinə namizədliyi haqqında məlumat təqdim olunub.  

Tədbirin ilk hissəsində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev ölkəmizin xarici siyasəti, regionda həyata keçirdiyi beynəlxlaq layihələr, Azərbaycan-Çexiya münasibətləri, eləcə də EXPO-2025 Ümumdünya Sərgisinə Bakı şəhərinin namizdəliyi haqqında təqdimatla çıxış edib.

Daha sonra Karl Universitetinin Xəzər və Azərbaycan üzrə Araşdırmalar Mərkəzinin rəhbəri professor Eduard Qombar çıxış edərək, Azərbaycanın zəngin tarixi və mədəniyyəti haqqında ətraflı məlumat verib.

Növbəti çıxış edən Azərbaycan-Avropa Ticarət Palatasının rəhbəri David Snaşel Azərbaycan-Çexiya biznes əlaqələrinin mövcud vəziyyəti və perspektivləri barədə söz açıb. Ölkələrimiz arasındakı iqtisadi və biznes əlaqələrinin yaxşı nümunəsi qismində Çexiyanın “Tatra” və “Gəncə Avtomobil zavodu” ilə əməkdaşlığını, habelə Çexiyanın bir sıra şirkətlərinin Azərbaycanda infrastruktur və loqistika layihələrində uğurla iştirak etdiyini xatırladıb.

Daha sonra yerli jurnalistlər tərəfindən ölkəmizlə bağlı verilən suallar natiqlər tərəfindən cavablandırılıb. Tədbirin yekununda Azərbaycan mətbəxinin təamlarından ibarət ziyafət qonaqlara təqdim olunub. Tədbirdə jurnalistlər ilə yanaşı Praqanın Karl Universitetinin regionumuza maraq göstərən tələbələri iştirak edib.        

Arxiv üzrə axtarış