2019-02-05

Çexiya Respublikasının Cənubi Çexiya Regionu Azərbaycanın İsmayıllı rayonu ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Azərbaycan Respublikasının İsmayıllı rayonu ilə Çexiya Respublikasının Cənubi Çexiya Regionu arasında regionlararası əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə ötən il ərzində Azərbaycan Respublikasının İsmayıllı Rayonu İcra

Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyətinin Çexiyaya, habelə Cənubi Çexiya Regionunun Qluboka na Vltave şəhərinin meri, senator Tomas Yirsanın rəhbərlik etdiyi çex nümayəndə heyətinin İsmayıllıya səfərləri baş tutub. Cənubi Çexiya Regionu ilə İsmayıllı rayonu arasında imzalanmış əməkdaşlıq xartiyası

çərçivəsində hazırda tərəflər arasında gündəmdə olan bir sıra aktual layihələr müzakirə olunmaqdadır. Qarşılıqlı maraq kəsb edən layihələrdən biri kimi Çexiya tərəfindən təklif olunan İsmayıllıda Tibb Mərkəzinin yaradılması təşəbbüsüdür. Bu təşəbbüs İsmayıllıda tibb mərkəzinin, xüsusilə də kardiologiya və ürək cərrahiyyəsi üzrə mərkəzin yaradılmasını, tam funksional mərkəz qurularaq, tibb sahəsində Çex və Azərbaycan mütəxəssislərinin qarşılıqlı təcrübə mübadiləsinin və ixtisas təlimlərinin keçirilməsini ehtiva edir. Artıq layihədə Çexiya tərəfindən çıxış edəcək tərəfdaşlar müəyyən olunub. Hazırda layihə Azərbaycan tərəfindən baxılır və müzakirələrin aparılması məqsədilə Çexiya nümayəndə heyətinin 2019-cu ilin aprel ayının sonunda Azərbaycana səfəri planlaşdırılıb. Layihənin gerçəkləşəcəyi təqdirdə İsmayıllı rayonunda Avropa standartlarına uyğun kardiologiya və ürək cərrahiyyəsi mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur.

Arxiv üzrə axtarış