2019-04-18

16-17 aprel 2019-cu il tarixlərində Praqada Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Proqramının 10 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir, Çex Hökuməti, Avropa Komissiyasının Çex Respublikasındakı nümayəndəliyinin himayəsi və adı çəkilən  ölkənin Sənaye və Ticarət Nazirliyinin təşkilatçılığı ilə baş tutub. İki günlük tədbirə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri qatılaraq, Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri arasında ticarət və iqtisadi konvergensiya, 2020-ci ilədək qarşıya qoyulmuş hədəflərə nail olmaqda Şərq Tərəfdaşlığı ölkələri tərəfindən görülmüş işlər, həmçinin qarşıya çıxan maneələr və əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb. Ölkəmizi bu tədbirdə Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyi təmsil edib və müzakirələrdə iştirak edib.

Ölkəmizin Çexiyadakı Səfirliyinin müvəqqəti işlər vəkili Etibar Abdullayev tədbirdə çıxış edərək, Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində  əməkdaşlığına dair 10 il ərzində görülmüş işlər, əldə olunmuş nəticələr və əməkdaşlığın prioritetləri barədə çıxış edib. Tədbirin ikinci günü, E.Abdullayev ölkəmizə ayrılmış paneldə çıxış edərək, Azərbaycanda aparılan iqtisadi islahatlar, investisiya mühiti və biznes imkanları barədə ətraflı məlumat verərək, B2B görüşlər keçirib. Ölkəmizə ayrılan panel, tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Arxiv üzrə axtarış