2022-12-30

Azərbaycanın Çexiyadakı səfiri diaspor fəallarını mükafatlandırıb

30 dekabr tarixində  Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbirdə Çexiyada yaşayan Azərbaycan diaspor nümayəndələri və səfirliyin kollektivi iştirak edib.

Tədbirdə çıxış edən səfir Adış Məmmədov Çexiyada yaşayan həmvətənlərimizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib və Azərbaycan dövləti qarşısında göstərdikləri xidmətlərinə görə səfirliyin bütün kollektivi adından dərin minnətdarlığını bildirib.

Sonra səfir, milli kimliyimiz, milli birliyimiz olan azərbaycançılıq ideyası haqqında danışaraq,  bu ideyanın tarix boyu xalqımızın əzab-əziyyəti, canı, qəhrəmanlığı bahasına nail olduğu ən böyük mənəvi sərvəti olduğunu bildirib. Səfir qeyd edib ki, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin müstəsna səyləri ilə ölkəmizdə dövlətçilik ideologiyası kimi formalaşıb-yetkinləşmiş bu ideyanın hazırda müxtəlif ölkələrdə yaşayan dünya azərbaycanlılarının da milli-mənəvi birliyinin və həmrəyliyinin əsasını təşkil edir. Azərbaycançılıq ideyasının təbliğinin dövlətçilik və vətənpərvərlik kimi təməl ideyalara söykəndiyini qeyd edən A.Məmmədov, müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli və dini tolerantlıq kimi amillərin ölkəmizin uğurlarını şərtləndirən əsas amillər olduğunu ifadə edib.  

Səfir, tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqının 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdığını qeyd edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsinin qəhrəmanına çevrilərək Azərbaycan xalqının qalibiyyət salnaməsinin müəllifi olduğunu vurğulayıb. Səfir həmçinin, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycan dövlətinin milli maraqlarının qorunması istiqamətində böyük uğurların əldə olunduğunu, Azərbaycanın və azərbaycançılığın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, Azərbaycan xalqının təhlükəsizlik şəraitində, rifah içində yaşaması üçün əməli addımların atıldığını bildirib və xarici ölkələrdə yaşayan həmyerlilərimizin ölkəmizin təbliği istiqamətində daha da səfərbər olmaları üçün çağırışlar edib.

Sonra Çexiyada yaşayan bir sıra azərbaycanlı fəallar səfirlik tərəfindən təltif olunublar. Cəfərova Leyla Ramiz qızına Çexiyada Azərbaycan ədəbiyyatının təbliği ilə bağlı göstərdiyi xüsusi fəallığa və 2022-ci ildə səfirlik tərəfindən təşkil olunan mədəni tədbirlərdə yaxından iştirakına, Əmirəliyev Fərid Ərəstun oğluna Çexiyadakı Azərbaycan diasporunun təşkilatlanması işində göstərdiyi xüsusi fəallığa və 2022-ci ildə səfirlik tərəfindən təşkil olunan tədbirlərdə yaxından iştirakına, Əsgərova Kamilla Aqil qızına Çexiyada Azərbaycan milli musiqisinin təbliği ilə bağlı göstərdiyi xüsusi fəallığa və 2022-ci ildə Səfirlik tərəfindən təşkil olunan mədəni tədbirlərdə Azərbaycan rəqs nümunələrinin yüksək səviyyədə ifasına görə səfirliyin təşəkkürnamələri təqdim olunub.

Diaspor fəalları da çıxışları zamanı səfir Adış Məmmədova göstərdiyi yüksək diqqətə və etimada görə öz təşəkkürlərini ifadə edib və Azərbaycan naminə fəaliyyətlərini bundan sonra da daha böyük həvəslə davam etdirəcəklərini  bildiriblər.

Tədbirin sonunda iştirakçılara cari ildə səfirlik tərəfindən çex dilində nəşr edilmiş “Sarı Gəlin”, “Qarabağnamə” və “Böyük Azərbaycan şairi – Nizami” kitablarının nüsxələri paylanılıb və çay süfrəsi ətrafında fikir mübadiləsi aparılıb.

 

Arxiv üzrə axtarış